8:43 am - Cumartesi Nisan 19, 2014

Suriya probleminin sonluğu digər avtoritar liderlərin sonunun başlanğıcı ola bilərdi

Bəşər əsədTürkiyənin Suriya ilə sərhədində baş verən son terror hadisəsinin müdhiş, dəhşətli mənzərələri sonuncu ölkədə artıq ikinci ildir ki, davam edən vətəndaş müharibəsinin acı təsvirlərindən heç də geri qalmadı. Bu hadisə bir daha Suriyada cərəyan edən hadisələrin tək bir ölkə üçün problem olmadığı fikrini qabartdı.

Amma nə edəsən ki, «ərəb Balkanı» adlana biləcək ölkədəki qırğınlar, bu qırğınların və nəzarətsizliyin bölgə üçün böyük təhlükə yarada bilməsi belə, Suriya məsələsində nöqtənin qoyulması üçün hələ də kifayət etmir. Niyə belə olur, nədən Suriyaya müdaxilə yubanır – artıq bu sualın da cavabı münaqişənin özü kimi köhnədir.

NATO Türkiyə ilə həmrəy olduğunu və bu ölkənin atacağı istənilən addımı dəstəkləyəcəyini bəyan edir. Bu bəyanatda başqa bir məqam diqqəti bundan az cəlb etmir – Alyans Suriya məsələsində Türkiyəni ön planda görmək istəyir. Türkiyə isə öz növbəsində bu perspektivdən qaçır, artıq ikinci ildir Suriyada davam edən vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcəyini bildirir.

Bizdə hər zaman belə təsəvvür yaranıb ki, bölgədə Türkiyəyə bu vaxta qədər ayrılan rol əslində onun hərbi-siyasi potensialını bir qədər şişirdir. Bölgədə İsrail daha qabarıq şəkildə nəzərə çarpır, nəinki Türkiyə. Elə məşhur «kürd məsələsi»ndə də bunu sezmək mümkündür. Türkiyə bu vaxta qədər problemi öz ərazisindən kənara çıxara bilərdi.

Reallıqda nə baş verdi? İraq, İran və Suriya problemi Türkiyə ərazisinə transfer etdi. Düzdür, bu məsələdə Türkiyənin demokratik dövlət olması da az rol oynamadı, çünki demokratiyalar bir qayda olaraq çətin və ləng müdafiə olunur. Buna rəğmən avtoritar Suriya, İran və hətta İraq ərazisindəki etnik separatizm meyllərini daha asan cilovlaya bilirdi.

RUSİYADAN KEÇƏN YOLLAR

İndi bölgənin mövcud siyasi arxitekturası dəyişməyi vəd edir. Bu dəyişikliklər bir neçə məsələni  kökündən dəyişmək iqtidarındadır. Amma bunun üçün öncə Suriyadakı proseslər öz çözümünü tapmalıdır. Buna aparan yollar hələ də qısalmır. Səbəbsə tarixdə özünü «yollar ölkəsi» adlandıran Rusiyanın hələ də maneə törətməkdə davam etməsidir. Bu cür davranışın əsl səbəblərini tapmaq müşkül məsələdir. Suriya Rusiya üçün nə önəm kəsb edir?

Əslində Rusiya çoxdandır ki, Yaxın Şərqdə yoxdur. Amma özünün BMT-dəki veto hüququndan istifadə edərək hər dəfə bu bölgədə növbəti avtoritar qalanın çökməsinə əngəl yaradır. Ona görə də sualı bir daha təkrar etmək və onu aktuallaşdırmaq istərdik: Suriya Rusiya üçün nə deməkdir? Sadəcə silah bazarı, yoxsa daha bir anti-Qərb plastdarmı? Bəlkə də bunların hər ikisi var. Amma düşünürük ki, burada sırf psixoloji məqamlar da az deyil. Yaxın Şərq Rusiyanı həmişə cəlb edib. Amma bir amil – neft ehtiyatlarının getdikcə tükənməsinə görə, ABŞ-ın bu bölgəyə müdaxiləsi, özü də aktiv müdaxilə etməsi Rusiyanın, necə deyərlər, istək və arzularını ürəyində qoyub.

B. ASSAD-İN ÜÇ VARİANTI

Güman edirik ki, B. Assad-in belə israrla müqavimət göstərməsi onun da yollarının Rusiyadan keçməsi ilə bağlıdır. Bu adam bəlkə də sadəcə getməyə yeri olmadığı üçün belə müqavimət göstərir. Düzdür, buna başqa bir aspektdən də baxmaq olardı – B. Assad-in ölkəsində tökdüyü qanlar onun ayaqlarında buxova çevrilib, o, bəlkə istəsə də, Suriyanı diri tərk edə bilməz, çünki hara getsə tapıb gətirəcəklər. Siyasət də lap od kimidir, yaxın məsafədən isidir, amma çox yaxın getdin, necə deyərlər, «qırmızı sərhəd»i keçdin, artıq yandırır.

B. Assad artıq çoxdan «qırmızı sərhəd»i keçib. Bəlkə o, özü də bunu hiss edir və Liviya liderləri kimi öz qarşısında üç çıxış yolu görür. Bu çıxış yollarının üçündə də bir fikir ifadə olunub: sona qədər, ən axırıncı dəqiqəyə qədər Suriyada qalmaq və lazım gələrsə, bu ölkədə ölmək. O, bəlkə də başqa cür düşünür, bunu da istisna etmirik, çünki arabir özü və ailəsi üçün sığınacaq axtarması haqda da xəbərlər yayılır. Amma gec deyilmi?

KİÇİK SÖZARDI

Bəli, təəssüf ki, Suriya düyününün açılışı yubanır. Onun çözülməsi bir çox siyasi administrasiyaların diqqətini başqa məsələlərə yönəldə bilərdi. Ancaq məsələ həll olunmur ki, olunmur.

Demirik ki, B. Assad-in çökməsi başqa avtoritar liderlər üçün dərs olacaq və bu adamlar bu məsələdən hansısa nəticələr çıxaracaq. Yox, təcrübə göstərir ki, onlar heç kimdən və heç nədən dərs götürməyə adət etməyiblər, necə ki, bundan bir qədər əvvəl B. Ali H. Mubarak-dən, M. Gaddafi B. Ali-dən, B. Assad isə öz növbəsində M. Gaddafi-dən dərs götürmədi. Sadəcə, Suriya probleminin sonluğu digər avtoritar liderlərin sonunun başlanğıcı ola bilərdi…

Hüseynbala Səlimov

Azadlıq Radiosu

Kateqoriya: Dünya, Siyasət

No comments yet.

Leave a Reply

*

Current month ye@r day *

Close
Facebookda bizə qoşulun, Xəbərsiz qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook