10:57 am - Çarşamba Temmuz 23, 2014

“Ay prezident bizi dolandıra bilirsən dolandır, bacarmırsansa…”

Elduzə MəmmədovaGədəbəyin Arıxdam kəndinin 84 yaşlı sakini Təbib Miriyev deyir ki, qızıl çıxaranlar gələndən evlərinin bərəkəti, həyətlərinin suyu ərşə çəkilib.

Söhbət Arıqdam kəndində 2009-cu ildən işə düşən Gədəbəy Qızıl Mədəni Zavodundan gedir. Yerli sakinlər danışırlar ki, müəssisə onların  pay torpaqlarını xoş-naxoş alıb mədən sahəsinə qatıb. Mal-qaranı otarmağa otlaq sahəsi belə qalmayıb.

Elduzə Məmmədova:

«Torpağımızı zorakılıqla əlimizdən aldılar. Özəl pay torpaqlarımız idi. Qızıl mədəni şirkəti aldı. 72 sot mənim torpağım idi. Biçənək idi. 1000 manat kompensasiya verdilər. O torpaqla 6 uşaq böyüyüb, 9 baş külfət dolanıb. Maldarlıq edirdik. İndi nə mal saxlaya bilirik, nə əkib becərə bilirik. Nəylə dolanaq? Uşaqlarımız da fəhləliklə çörəkpulu qazanırlar. Suyumuz kəsilmək üzrədir. Bir neçə evlərin suları kəsilib. Kəndimizin dolanışığı sıfıra düşüb».

MƏDƏN ƏRAZİSİNDƏN KEÇƏN SU XƏTLƏRİ SIRADAN ÇIXIB

 

Kəndə dağlardan çəkilən su xətləri elə mədən ərazisindən keçdiyindən borular tez-tez qırılır. Artıq kənd sakinlərinin bəziləri qonşulardan su daşıyır. Üstəlik, sakinləri zəhərlənmə təhlükəsi də narahat edir. Düşünürlər ki, sularına mədən suları qarışsa, kənddə kütləvi zəhərlənmə baş verə bilər.

 

 
«NƏ QƏDƏR MAL-QARA QIRILDI»

 

Kənd sakini Rahilə Ələkbərli deyir ki, dərdlərini demək üçün dəfələrlə icra hakimiyyətinin qəbuluna girmək istəsələr də, onları qəbul edən olmayıb:

«Mənim də torpaq payımı aldılar, pul vermədilər. Təsərrüfatla dolanmışıq. Torpaq olmayandan sonra necə dolanarıq? Deyirlər, dövlət xalqdır. Bu dövlət bizi qırırsa, bu kimindir?

Rahilə Ələkbərli
Gedirik icraya, bizə cavab vermirlər. Su ilə bağlı şikayətimiz olub. Bizə başqa su çəkilməlidir. Zavodun ərazisindən keçir xətlərimiz. Orda da laboratoriya tikiləcək. O da kapron şlanqdır. Qırılsa, zəhərlənəcəyik. Amma faktiki axar çayımızdan istifadə edə bilmirik. Nə qədər mal-qara qırıldı. Qorxuludur. Bircə su xəttimiz qalıb, o da kəsilsə, susuz qalacağıq».

OTLAQSIZ QALAN, DAMLARDA BAĞLANAN İNƏKLƏR…

 

 

Torpağı, otlağı olmayan kənddə az adamın qapısında mal-qara görərsən. Sakinlər deyirlər ki, otlaq yeri olmadığından mal-qaranı məcbur damda saxlayırlar:

«Mənim evimə 1 qəpik dövlətdən pul gəlmir. Pensiya almıram. Mən 3 inək saxlayırdım. Ailəmi dolandırırdım. İndi torpaqları əlimizdən alıblar. Acımızdan düzlərə düşmüşük. 2 inək var, damda saxlayıram. Mənim suyum kəsilib, bir aydır. Gedib gəlməkdən yorulmuşam. Dağın altda qalıb qırılıb. Xiyar, soğan əkmişəm, hamısı yanıb gedib. 5-6 ton kartofu aparıb Bakıda satıb dolanırdım. 1-ci kateqoriya torpağımız olub».

VERİLƏN PARLAQ VƏDLƏR VƏ REALLIQ

 
Gədəbəy Qızıl Mədəni Zavoduna Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti (ABMƏŞ) rəhbərlik edir. Qızıl-mis layihəsindən gələn gəlirin 51 faizi Azərbaycan hökumətinə, 49 faizi isə bu şirkətə çatır. Arıxdamlılar giley edirlər ki, kəndin gənclərindən 2-3 nəfər şirkətdə işləyir, qalanları işsizlikdən fəhləliklə məşğul olur.

Çolpan çayıSakinlərdən Elduzə Məmmədova deyir ki, əvvəllər bu zavoda böyük ümidlər bəsləyiblər. Düşünüblər ki, bu mədən işə başlasa, gənclər işlə təmin olunacaq, kənd varlanacaq:
«Dedilər, yollarımız düzələcək, xəstəxana tikiləcək, iş yerləri, filan şəhərə dönəcək. Dedik, qızıldır da dövlət qızılı çıxarsın, bizi dolandırsın. Ta demədik ki, qızılı çıxarıb bizi qırsın».

MƏDƏN SULARINDAN ÇİRKLƏNMİŞ ÇOLPAN ÇAYI 

 
Kəndin yaxınlığından keçən və yaxın vaxtlara qədər sakinlərin pal-paltarını, qab-qacağını yuduğu, mal-qarasını suladığı çaya 1 ildən çoxdur ki, yaxın düşmürlər. Suyu qaralıb, bulanmış bu çayda zəhərlənib ölən mal-qaranın sayı, deyilənə görə, 15-i keçib. Sakinlər iddia edirlər ki, mədən zəhərli suyu kustar üsulla çaya axıdır:

«Bir nəfərin inəyi ölmüşdü, şikayət elədiyinə görə aparıb içəri saldılar».

Zəhərli mədən sularının Çolpan çayına axıdılması və bu üzdən kənd sakinlərinin mal-qarasının zəhərlənməsi ilə bağlı şikayətlər Azadlıq Radiosunda bundan əvvəl də səslənmişdi. Ancaq onda ərazidə monitorinqlər aparıldığını bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyirdilər ki, çaya zəhərli tullantıların axıdıldığı ilə bağlı iddiaların əsası yoxdur. Müəssisə rəhbərliyindən isə dəfələrlə cəhd etsək də, suallarımıza cavab verən olmamışdı.

 

 

«SU PROBLEMİ QISA MÜDDƏTDƏ HƏLLİNİ TAPACAQ»

 
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev isə indi hazırlanmış yeni layihədən danışır. O, bildirir ki, qısa müddətdə hamı təmiz içməli su ilə təmin olunacaq:

Gədəbəy Qızıl Mədəni Zavodu
«Gədəbəy şəhərinin kanalizasiya ilə təmin edilməsi nəzərdə tutulub. Həm də 16 kilometr uzunluğunda dağdan su xətti çəkiləcək. Hazırda su 3 min nəfəri təmin edir. Həmin layihə 20 min nəfərin su təminatını yaxşılaşdıracaq. Su problemi qısa müddətdə həllini tapacaq».

O ki, qaldı Arıxdam kəndində pay torpaqlarının, əkin biçin sahələrinin kəndlinin əlindən alınmasına, Q.Paşayev deyir ki, yaranmış narazılıqların mədənlə bir əlaqəsi yoxdur. İslahatlar dövründə torpaq bölgüsü düzgün aparılmayıb, sənədlərdə nöqsanlar çox olub.

Qüdrət Paşayev deyir ki, 96 min nəfər sakini olan Gədəbəydə hazırda 26 min təsərrüfat var. Yerli sakinlərdən 200 nəfər qızıl mədənində işləyir.

 

 

ÇİÇƏYİ ƏLİNDƏ QALAN KƏNDLİLƏR

 
Qızıl üstündə yaşayıb, əkin yerindən, suyundan məhrum qalan kəndlilər çıxış yolunu ölkə rəhbərinə müraciət etməkdə görüblər. Ötən il Gədəbəyə səfərə gələn prezident İlham Əliyevi qarşılamaq üçün güllə-çiçəklə yola çıxıblar. Ancaq onlara prezidentlə görüş müyəssər olmayıb:

«Bir prezidentimizə ümid qalıb. Ay prezident, bizi dolandıra bilirsən dolandır. Bacarmırsan, bir parça kağız ver, keçək xarici ölkənin birində yaşayaq. Belə şey olar, torpağında qızıl çıxsın, özün acından köpük qusasan?».
Gülnur Raqifqızı
Azadlıq Radiosu
Kateqoriya: Cəmiyyət

One Response to ““Ay prezident bizi dolandıra bilirsən dolandır, bacarmırsansa…””

  1. 21/07/2013 at 16:46 #

    melumatlari oyrenmekisteyirem

Leave a Reply

*

Current month ye@r day *

Close
Facebookda bizə qoşulun, Xəbərsiz qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook