Çarls Bukovski oxu

Tindəki pivə barı – Çarlz Bukovski

Çeviri: Azad Yaşar

Bunun nə vaxt baş verdiyi indi yadımdan çıxıb, hər halda 15, ya da 20 il qabaq idi. Evdə oturmuşdum. Bürkülü yay gecəsiydi, istidən keyləşmişdim.
Qapıdan çıxıb, küçəyə göz gəzdirdim. Ailələrin çoxusu bu vaxt şam yeməyini bitirib, televizorların önünə keçir. Bulvara yollandım. Yolun o biri üzünə, köhnə üslublu binadakı yerli pivə barına üz tutdum. Taxta lövhələrlə üzlənən piştaxtası bəyaz və yaşıl rənglərə boyanmışdı. İçəri keçdim.

Demək olar ki, bütün ömrüm barlarda keçdiyindən mənim gözümdə onların elə bir fərqi yoxdur. Keflənmək istəyəndə içkimi adətən şərab dükanından alır, evə gedib, təkbaşına içib, şellənirəm.

İçəridə hamıdan uzaq bir kətil axtardım. Ona görə yox ki, bura narahat yer idi, sadəcə buraya üz-gözüm öyrəşməmişdi hələ. Həm də buranı tərk edib getsəydim, üz tutacaq başqa bir yer tapmayacaqdım bəlkə də. Bizim toplumda maraqlı məkanlar ya hədsiz bahacıldır, ya da qanunsuz yerlərdir.

Bir şüşə pivə sifariş verib, siqaretimi yandırdım. Adi barlardan biriydi bu. Hamı bir-birini tanıyırdı. Ədəbsiz lətifələr danışaraq, televizora tamaşa edirdilər. Bircə dənə yaşlı qadın vardı, qara əlbisə geymiş, kürən parik taxmışdı. Boynundan cürbəcür cıncıq-muncuq asmışdı və durmadan siqaret tüstülədirdi. Evdən bayıra çıxdığıma peşman idim və qət elədim ki, pivəmi bitirən kimi əlüstü evə dönüm.

İçəri girən bir kişi keçib, böyrümdə oturdu. Ona baxmağa da gərək duymadım – çünki maraqsız idi. Ancaq səs tonundan mən yaşda olduğunu təxmin elədim. Bardakılar onu tanıyırdı. Barmen ona adıyla müraciət eləmişdi, daimi müştərilərdən ikisi isə onunla salamlaşmışdı. Kişi pivə istədi və böyrümdə üç-dörd dəqiqə oturandan sonra məndən soruşdu:
- Hə, nə təhərsən?
- Fəna sayılmaz.
- Buralarda deyəsən təzəsən?
- Yox, çoxdan buralardayam.
- Səni burada heç görməmişəm.
Cavab vermədim.
- Los-Anceleslisən? – deyə soruşdu.
- Demək olar ki.
- Nə deyirsən, “Docerlər” bu il qalib olacaqlar?
- Yox.
- Yoxsa “Docerlər”dən xoşlanmırsan sən?
- Hə.
- Bəs kimin fanatısan?
- Heç kimin. Mən beysbolu xoşlamıram.
- Bəs nəyi sevirsən?
- Boksu. Buğa döyüşlərini.
- Buğa döyüşləri – amansız şeydir.
- Uduzursansa, əlbəttə ki, amansız şeydir.
- Həm də buğanın döyüşü udmaq şansı heç olmur, axı.
- Guya hansı birimizin nəyi isə udma şansı var ki?!
- Sən yaman aqressivsən ha. Allaha inanırsan?
- Sənin Allahına – yox.
- Bəs onda hansına inanırsan?
- Heç özüm də bilmirəm.
- Mən isə ağlım kəsəndən bəri daim kilsəyə gedirəm.
Bunu da cavabsız qoydum.
- Səni pivəyə qonaq edə bilərəm?
- Niyə də olmasın?!
Bir parç pivə gətirdilər. Soruşdu:
- Bugünkü qəzetləri oxumusan?
- Hə.
- Boston yetimxanasında yanan əlli qızcığaz barədə xəbəri oxudun?
- Hə.
- Dəhşətdir, elə?
- Elə görünür.
- Necə yəni “görünür?”
- Elə görünür də.
- Yəni sən buna inanmırsan?
- Əgər mən bu olayı öz gözlərimlə görsəydim, onun dəhşəti hər gecə yuxuma haram qatardı. Barəsində sadəcə qəzetdə oxuduğum hadisədən aldığım təəssürat isə tamamilə fərqlidir.
- Yoxsa sən o diri-diri yanan əlli qızın taleyinə tamamilə biganəsən? Onların pəncərələrindən başlarını çixarıb, fəryad etmələrinə laqeydsən?
- Görünür, dəhşətli səhnəymiş. Ancaq, bilirsən, bu, sadəcə bir qəzetdəki başlıqdır, bir məqalədir. Mən hətta o olay barədə heç düşünmədim də. Həmin səhifəni tez çevirdim.
- İçin zərrəcə sızıldamadı, hə?
- Demək olar ki, yox.
O səssiz oturdu, pivəsindən bir qurtum aldı. Sonra ucadan bağırdı:
- Ehey, burada oturan bu qağa deyir ki, Bostonda diri-diri yanan əlli qızcığaz barədə yazını oxuyanda heç tükü də ürpəşməyib!
Hər kəs mənə tərəf çöndü. Mən isə gözümü siqaretimdən çəkmirdim. Bir dəqiqəlik sükut yarandı. Sonra kürən parikli qadın dedi:
- Şəxsən mən kişi olsaydım, onu təpikləyib, küçəyə atardım.
Qonşum sözünün ardını gətirdi:
- Hələ Allaha da inanmır bu! Beysbola da nifrət bəsləyir. Buğa döyüşlərindən və yetim qızcığazların diri-diri yanmasına laqeydliklə tamaşa etməkdən isə xoşlanır!
Barmenə təkcə özüm üçün pivə sifariş elədim. O, butulkanı nifrətlə mənə sarı itələdi. İki cavan aralıda bilyard oynayırdı. Onlardan nisbətən sütül görünəni, ağ köynəkli və dolu bədənli olanı kiyi yerə qoyub, mənə yanaşdı. Arxamda dayanıb, ağ ciyərlərinə daha çox hava toplamaqla fınxırmağa, sinəsini qabartmağa çalışdı və məni hədələdi:
- Bura sayılıb-seçilən bardır. Qoduqların buraya ayaq basmasına qarşıyıq. Elələrinin dalından dəymək üçün onları yaxşıca xurd-xəşil edir, onlardan nəcis püresi düzəldirik biz.
Hənirtisindən arxamda dayandığını sezməkdəydim. Butulkamı qaldırıb, özümə pivə süzdüm, içkimi dadıb, siqaretimi tüstülətdim. Əlim zərrəcə titrəyib-eləmirdi. Oğlan bir az da dayanandan sonra bilyard masasına döndü. Qonşum da yerindən qalxıb, gedərkən ucadan dedi:
- Bu qancıq balası qansızın biriymiş. İnsanlara heç canı yanmırmış.
Kürən parikli qadın təkrar kükrədi:
- Mən kişi xeylağı olsaydım, görərdiniz o, necə əl-ayağımı öpüb, yalvarardı. Belə əclaflara heç təhəmmülüm yoxdur.
Kim isə söz atdı:
- Hitlerlər də elə belələrindən çıxır da!

- Belə iyrənc həriflərdən!
Pivəmi bitirib, birini də sifariş elədim. Cavan oğlanların başı bilyard oyununa qarışmışdı. Kim isə durub, barı tərk elədi. Mənimlə bağlı müzakirə yavaş-yavaş yatışsa da, təkcə o kürən parikli qadın susmaq bilmirdi. Kefləndiyi üçün lap açarını itirmişdi:
- Əbləhin biri əbləh!.. Əcəb əbləhmiş bu! Lap nəcis çuxuru kimi iy verir! Yəqin sən heç doğma ölkəni də sevmirsən! Elə? Nə öz ölkəni, nə doğma ananı, nə də bütün yerdə qalanları! Sənin kimilərə yaxşı bələdəm mən! Sənin kimi əbləhlərə, ağciyər və cındır əbləhlərə!
Nəhayət, saat 1.30-a doğru qadın çıxıb getdi. Bilyardçıların da biri barı tərk elədi. Bar piştaxtasının o biri başındakı kətilə əyləşən ağ köynəkli, şişman bilyardçı isə bayaq məni pivəyə qonaq edən kişi ilə söhbətə başladı. İkiyə beş dəqiqə qalmış yerimdən qalxıb, təmkinimi qoruyaraq bardan çıxdım.
Arxamca heç kəs gəlmirdi. Bulvarı keçib, öz küçəmizə çıxdım. Pəncərələrdən süzülən işıqlar artıq sönmüşdü. Axtarıb, öz həyətimi tapdım. Qapını açıb, evə girdim. Soyuducuda bir şüşə pivəm qalıbmış. Onu da açıb, içdim.
Sonra əynimi soyundum, vanna otağına gedib, siyidim, dişlərimi fırçaladım, işığı söndürüb, çarpayıma yanaşdım və uzanıb yatdım.


Close
Facebookda bizə qoşulun, Kitabsız qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook