Mirze Feteli Axundzade haqqinda

Zəmanədən şikayət – Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundzadənin bizə gəlib çatmış ilk şeiridir. Əsər fars dilində yazılmışdır. Şeiri ilk dəfə Azərbaycan dilinə tərcümə edən Məmmədağa Sultanov olmuşdur.

ZƏMANƏDƏN ŞİKAYƏT

Fəsad ilə dolu göylər edərkən tərsinə dövran,
Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Şərabım – qanlı göz yaşı, gözün peymanəsi- badəm,
Yerim bir külxən olmuşdu, ənisim ah ilə əfqan.
Kimə mən üns ilə baxdım, məni təshifi yandırdı.
Kimə qəlbimdə yer verdim, məni qovdu kənarından.
Kimə mən yar dedim dərhal mənə o döndü nar oldu.
Vəfa umdumsa hər kəsdən cəfa etdi mənə hər an.
Hər hansı qapını döydüm, məni rədd etdilər dərhal,
Haranı mənzil etdimsə, o mənzil oldu bir zindan.
Ümidlə baxdığım dostlar mənə xor baxdılar, əfsus!..
Təsəlli axtaran qəlbim buna heç tapmadı imkan.
Kimə dost dedim, gördüm dönüb öz düşmənim oldu.
Kimə mən ram oldumsa, dönüb mar oldu biiman.
Həyatdan bunca bezdim ki, gəlib təngə dədim: “ay kaş,
Bu dörd ünsür əzəl gündən olaydı xak ilə yeksan”
Ki birdən daxili bir səs dedi: “səhv etmə, ay aqil,
Saqın sən, qafil olma, qaç, uzaş bu qəm yuvasından.
Məgər bilmirmisən hər kim gedərsə Tiflisə şəksiz
Olar hər bir fülusu zər, palazı ətləsi-əlvan.
Xüsusilə vəfadarlıq, təvazö, ehtiram həm də
Yaman gündə dada çatmaq oranın şəninə şayan.
Yaşar orda bilikli bir fəzilət sahibi alim,
Ki, aləm içrə yoxdur heç onun mislində bir insan
Hamı ondan qalar razı, hamı didarına mayil,
Alar hər kəs kömək ondan, fəqirlər dərdinə dərman,
Qədər əmrində bir quldur, fələklər hökmünə tabe.
Qəza həqdən gətirmişdir ona qaziliyə fərman.
O hər bir sirrə arifdir, sözün yaqutinə sərraf.
Biliklərlə dolan qəlbi cahan nur saçır xəndan.
Görüşdə Rumidən artıq, məqamı Şəmsdən yüksək,
Bilikdə, fənni-hikmətdə böyükdür İbn Sinadan.
Onunla Tiflisin xalqı gözəllikdə olub məşhur,
Necə gülşəndə gül qədri olar bülbüllə cavidan.
Deyəndə incə sözlər, ya fəsahət göstərən dəmdə,
Qoyar Səhbanı xiclətdə, edər Xaqanini heyran
Bütün qazilər ondan bil, alarlar təfsirin dərsin,
Ona Qaziyyi-Beyzavi olar şagird-əlif, beyxan”.
Səbuhinin dili aciz onu vəsf etmək istərkən,
Gərəkdir üzbəüz durmaq, sora yazmaq ona dastan,
Mənə hatif dedi: “ruhum, yaraşmaz ki, bu idrakla,
O cür dildarə çatmaqçın sənə mane ola hicran.
Bilik dünyasına hakim, vəfada misli yoxdur heç,
Onun idrakı çox yüksək, onun tərifi bipayan”.


Close
Facebookda bizə qoşulun, Kitabsız qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook