Seirler toplusu

Nədir bu millətin günahı Allah – Cabir Novruz

Göyləri odlayır analar ahı,
Allah da götürməz bu ahı, Allah…
Nə pis işimiz var dərgahındakı?
Nədir bu millətin günahı, Allah?

Kimin toyuğuna daş atıb görən,
Kimin arzusunun əksinə gedib?
Nə yaxşılıq edib özgələrinə,
Nə yamanlıq edib özünə edib…

Heç vaxt yumayıbdır o qanı qanla,
Hətta bağışlayıb düşməni, yadı…
O hətta dil tapıb qonşu ilanla,
Qonşu canavarla yan-yana yatıb…

Nə qədər zərbələr dəyib bu xalqa,
Daim göylərini tutub duman, çən…
Ona gör nə cüzi dost, kömək, arxa,
Ona gör nə qədər düşmən vermisən…

Sən axı ədalət rəmzisən ulu,
Niyə dinməmisən, ey Pərvərdigar?
Gözün baxa-baxa qırıblar onu,
Gözün baxa-baxa parçalayıblar…

Cəza verməmisən günahkarlara,
Onların yurdunu kor qoymamısan…
O qan içənləri çəkdirib dara,
Ya da diri-diri soydurmamısan…

Hər şeyi görənsən sən axı Allah,
Göstər öz gücünü, ədalətini…
Nədir bu millətin günahı, Allah,
Onun insanlığı qəbahətimi?

Sən özün bu cürə yaratdın onu,
Sadədil, xeyirxah, nəcib, mülayim…
Kim dəyişə bilər xasiyyətini,
Bircə səndən özgə, səndən savayı…

Ona nə vermisən, özün vermisən,
Bir yandan alınmaz dağlar, qalalar,
Bir yandan sən ona dözüm vermisən,
Bir yandan dözülməz dərdlər, bəlalar…

Sən həm Nizamilər vermisən ona,
Peyğəmbər əvəzi, Allah əvəzi…
Həm də ki, canilər vermisən ona,
Doğma qardaşının başını kəsib…

Sən qoç Koroğlular vermisən ona,
Babəklər, Nəbilər, neçə igidlər.
Bir yandan oğrular vermisən ona,
Satqınlar vermisən düşməndən betər…

Qanına bəlkə də yad qan qatılıb,
Bəlkə də kiminsə kələyi varmış…
Bu doğma analı, doğma atalı,
Millətin nə qədər ögeyi varmış…

Sənsən xəlq eyləyən bu göyü,
Bəşəri sən doğub, əkmisən, Allah…
Yoxsa içimizə şərəfsizləri,
Göydən paraşütlə tökmüsən, Allah…

Ta sənə qalıbdır son ümid, güman,
Ölürük, batırıq, yanırıq, Allah…
Bizə bu gündə də arxa durmasan,
Daha Allahı da danırıq, Allah…


Close
Facebookda bizə qoşulun, Kitabsız qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook