Veten haqqinda seir

Mən yenə dönəcəm Azərbaycana – Xəlil Rza Ulutürk

Burda havam çatmır…hava istərəm,
Xəzər dənizinin özü boydaca.
Burda səmasızam,səma istərəm –
Günəşin aləmə sözü boydaca.
Xəzər dənizinin özü boydaca.

Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən.
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatmıram,dalıram Azərbaycana !

Yalnız anam – bacım,qardaşım deyil,
Vətənim – əbədi səadətimdir.
Min – min övladının biridir Xəlil
Vətənsiz iki qat,üç qat yetimdir,
Vətənim – əbədi səadətimdir.

Hər çayı – çeşməsi səsim,nəfəsim,
Hər daşı bənzəyir lələ,mərcana,

Doğrayın,kəsin də lap kəsim – kəsim
Təki qovuşdurun Azərbaycana !
Hər daşı bənzəyir lələ,mərcana.

Mütləq dönməliyəm doğma məkana.
Bir az da qüdrətli,bir az da mətin.
Kürlə Araz kimi bağlıyam ona,
Canıyam,bağrıyam bu məmləkətin.
Bir az da güclüyəm,bir az da mətin.

Sökün zindanları,barmaqlıqları,
Hər gün qayıdıram Azərbaycana.
Kəhkəşan oluram bu gecə yarı
Üzümdən nur düşür Milə,Muğana.
Hər gün qayıdıram Azərbaycana.

Saqqalım ağsa da gənc anamdır o,
Ana uşağına dönürəm hər gün.
Ayna Göy gölümdə,Maral gölümdə
Bir ay işığına dönürəm hər gün.
Ana uşağına dönürəm hər gün.

Əgər gələ bilsəm Azərbaycana,
Mənim gəlişimlə o yüksələcək
Ordular gələcək haqq nəfəsimdə,
Əzəmət,ləyaqət,qüdrət gələcək
Mənim gəlişimlə o yüksələcək.

Zümrüd yağışına,ağ dumanına
Bürünə – bürünə gələsiyəm mən.
İşdir ayaq üstə gələ bilməsəm,
Sürünə – sürünə gələsiyəm mən.

Nəfəsim kəsilsə…sürtüb üzümü,
Dağından – daşından qüvvət alacam.
Üzülsə qollarım,dişimlə tutub
Uğrunda bir daha qılınc çalacam.
Dağından – daşından qüvvət alacam.

Yoluma neçə min Əzrayıl çıxa,
Ömrü məzar ilə bölə bilmərəm.
Anla ey imansız: Azərbaycansız
Yaşaya bilmərəm,ölə bilmərəm.

Mən yenə gələcəm Azərbaycana,
Şəninə,şərqilər deyəcəyəm mən.
Acı tüstüsünü bal kimi udub
Odunu qaymaq tək yeyəcəyəm mən.
Şəninə şərqilər deyəcəyəm mən.

Qanadı yaralı bir qartalammı?
Tay qanadımla da uçaram inan.
Dərbənddən,Salyana,Zəncana qədər
Onu yetmiş qolla qucaram,inan !
Tay qanadımla da uçaram,inan.

Qaldırın bu ağır daşı üstümdən,
Göy göldən su səpin bu yanar cana.
Bəlkə eraların başı üstündən
Mən bir də gələcəm Azərbaycana !
Göy göldən su səpin bu yanar cana.

Haray,ey nəfəsim,ey qardaşlarım,
Məlul – məlul baxan arkadaşlarım.
Yandırır aləmi bu göz yaşlarım,
Siz məni qaytarın Azərbaycana !

O qızıl günəşə and içirəm ki,
Dünənəm,bugünəm,gələcəyəm mən.
Baxmayın şairin yolu bağlanıb
Tullayın çiynimdən dəmir dağları
Özüm Vətənimə gələcəyəm mən !
Dünənəm,bugünəm,gələcəyəm mən.

Səni qucasıyam,ey doğma elim,
Məni vüsal günü – o gün yaşadır.
Gözümdən bir damla yaş axsa,bilin:
Məni vüsal günü – o gün yaşadır.


Close
Facebookda bizə qoşulun, Kitabsız qalmayın!
LİKE düyməsinə basaraq Facebook səhifəmizə üzv olun

Facebook